Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində keçirilən Bakı Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Rafael Hüseynovun məsləhəti, Şəhla Qasımovanın özbək dilinə tərcüməsi ilə nəşr olunmuş “Xurshidga yetar boshim” (“Günəşə çatar başım”) adlı seçilmiş əsərlərindən ibarət kitabın təqdimatı keçirildi.
Təqdimatda bildirildi ki, XIX əsrin görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvan çoxcəhətli istedad sahibi olmuş, şairliyi ilə yanaşı, həm də mahir rəssam kimi tanınmış, dövrünün mədəniyyət hamisi kimi şöhrət tapmışdır. Qarabağın son xanının qızı olan Xurşidbanu bəyimin Şuşada təşkil etdiyi “Məclisi-üns” adlı şeir məclisi həmin dövrdə yalnız Azərbaycanda deyil, Yaxın-Orta Şərqdə də tanınmışdır. Natəvanın şeirləri bir sıra Şərq və Qərb dillərinə tərcümə edilmiş, onun haqqında xeyli bədii əsərlər yaranmışdır.
Tədbirdə çıxış edən Rafael Hüseynov kitab çapı məsələsinin çox önəmli olduğunu qeyd etdi. O bildirdi ki, kitab yalnız mütaliə məqsədilə deyil, həm də kommersiya amacıyla çap olunur. Buna görə də hər yeni nəşr olunan kitablarda bu xüsusiyyətlər nəzərə alınmalı, onlar nəfis tərtibatla, oxucuları özünə cəlb edəcək tərzdə ərsəyə gəlməlidir. O, tərtibatçısı olduğu kitabın çox yüksək səviyyədə oxuculara təqdim olunduğunu qeyd etdi. Kitabda Xurşidbanı Natəvanın yalnız şeirlərinin deyil, ümumən yaradıcılığının, şəxsi keyfiyyətlərinin, ədəbi mühitinin təsvir olunduğunu bildirdi, onun incəsənətin müxtəlif sahələri ilə məşğul olan ziyalı xanım kimi xarakterizə edildiyini söylədi: “Natəvan həm də dövrünün gözəl rəssamı idi, onun rəsm əsərləri qorunub saxlanmasa da, yaxşı rəssam olmasını təsdiq edən bir sıra mötəbər mənbələr var. Bu barədə dövrünün görkəmli incəsənət xadimi Mir Möhsün Nəvvabın əsərlərində də qeyd edilir. Nəvvab Xurşidbanu Natəvanı “mahir rəssam” adlandırırdı”.
Bu mənada, Rafael Hüseynov kitabda Natəvanın şeirləri ilə yanaşı, onun fırçasından çıxmış rəsm əsərlərinin də yer aldğını bildirdi. O, çıxışında həmçinin kitabın dil məsələsinə toxundu. Özbək dilinin Azərbaycan dili ilə müqayisədə çox az fərqə malik olduğunu, bu üzdən özbək dilində olan əsərlərin asanlıqla başa düşüldüyünü qeyd etdi. Bunu isə hər iki türk dilinin bir-biri ilə yaxınlığın, bağlılığın əlaməti kimi səciyyələndirdi. Kitabdakı şeirlərin həm Azərbaycan, həm özbək türkcəsində yanaşı verilməsinin əhəmiyyətindən bəhs edən müəllif bu məsələnin ədəbi və siyasi nöqteyi nəzərdən vacib olduğunu bildirdi. Siyasi nöqteyi-nəzərdən əhəmiyyətini izah edərkən müəllif bildirdi ki, hər iki türk xalqlarının nümunəsinə baxarkən onların fərqli deyil, eyni olduğunu müşahidə edirik. Bu bir daha onu göstərir ki, Türk dünyası bütövlükdə bir dünyadır, bir ruhun daşıyıcısıdır. Ədəbi nöqteyi nəzərdən isə şeirlərin poetikası, ifadə tərzi, bədii quruluşunun ortaq, hətta eyni olduğunu görürük.
Tədbirin sonunda Rafael Hüseynov tədbir iştirakçılarına təşəkkürünü bildirdi və bu cür kitab sərgilərini oxucu və yazıçılar arasında əvəzsiz körpü adlandırdı.