Oktyabrın 5-də Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisində Xalq yazıçısı Çingiz Abdullayevlə görüş və imza saatı keçirildi.
Görüş zamanı Çingiz Abdullayev ölkəmizdə bu cür kitab sərgilərinin keçirilməsinin xalqın, xüsusən də yeni nəslin kitaba və mütaliəyə olan marağının artırılması, elmi və ədəbi biliklərinin təkmilləşməsi baxımından çox müsbət bir hal olduğunu vurğuladı. Daha sonra əsərlərinin ərsəyə gəlmə tarixçəsindən və onların oxucular tərəfindən necə sevgi ilə qarşılanmasından bəhs edən yazıçı bunları qeyd etdi: “İlk dəfə kitab yazmağa başlayanda mənə Moskvada gülürdülər. Onlar deyirdilər ki, azərbaycanlılar dedektiv kitab yazmaq qabiliyyətinə malik ola bilməz. Düşünürdülər ki, mənim kitabımı heç kim almayacaq. Məni çağırdılar Mərkəzi Komitəyə. Azər Mustafazadə mənə başqa mövzularda kitab yazmağımı məsləhət gördü və o da bildirdi ki, dedektiv yazsam kitablarım satılmayacaq. Lakin mən bununla razılaşmadığımı gördükdə dedi: əgər yazacaqsansa onlardan da yaxşı yazmağı bacar..”
Xalq yazıçısı oxucuları arasında bir çox ölkələrin prezidentlərinin də olduğunu qeyd edib yazıçı üçün bunun böyük ilham mənbəyi olduğunu bildirdi: “Bu, təbii ki, bir yazar üçün qürurvericidir. Mən Şuşada Şahmat turnirində olanda orada iştirak edən bir çox mötəbər, öncül insanlar mənim fəal oxucularım olduqlarını bildirirdilər. Bu da məni çox sevindirirdi”.
Daha sonra Çingiz Abdullayev kitab, sərgi ilə bağlı qənaətlərini bölüşdü: “Kitab möcüzədir. Hər bir din kitabdan başlayır, mədəniyyət, sənət kitabdan başlayır. Əgər sən yazıçı olmaq istəyirsənsə, öz mövqeyini dəyişməməlisən. Əsl yazıçı əbədiyyətdə xalqın vəkilidir”
Sonda Çingiz Abdullayev görüş iştirakçılarının suallarını cavablandırdı və onlar üçün kitab imzaladı.