Xalq şairi Ramiz Rövşənlə görüş və imza saatı keçirildi

Xalq şairi Ramiz Rövşənlə görüş və imza saatı keçirildi

9 oktyabr 2022 0000

Oktyabrın 8-i Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisinin Xurşidbanu Natəvan təqdimat zalında Xalq şairi Ramiz Rövşənlə görüş və imza saatı keçirildi.

Şair görüş zamanı hamını salamladı və ədəbiyyat, poeziya, sənətlə bağlı qənaətlərini bölüşdü. Yeni nəsil, meydana qoyulan çağdaş mətnlər, şeir ruhu, ədəbiyyatın gücü və başqa məsələlər ətrafında fikir bildirən Ramiz Rövşən kitaba, mütaliəyə yönələn marağın onu sevindirdiyini vurğuladı: “Sizin kitaba olan sevginizə heyranam. Əslində mən belə düşünürdüm ki, indi kitab mütaliə edən yoxdur. Amma siz mənə yanıldığımı göstərirsiz. Kitabı yazırıq ki, sevdiklərimizi saxlayaq, gördüklərimizi saxlayaq, zamanı saxlayaq. Şopenhauerin gözəl bir sözü var: “Poeziya zaman haqqında tarix kitablarından daha dəqiq danışır”. Mən indiki gəncləri həddindən artıq çox sevirəm. Səbəb isə odur ki, dünyanın hər üzünü bilən, ayıq, öz daxilində prinsiplərini, mənəvi dəyərlərini saxlayan gənclərimiz çoxdur. Mənim onlara ən böyük arzum budur ki, onlar sevməyi sevsinlər. ”

Görüş sual-cavab əsnasında davam etdi. Şairin sevənləri ona poeziyası, şeirlərinin mövzusu, eləcə də çoxyönlü yaradıcılığının bir çox aspektləri ilə bağlı maraqlı suallar ünvanladılar. Onların hər birini özünəməxsus üslubda cavablandıran şair  “Mənə bir dəfə belə bir sual ünvanlandı: “Ramiz müəllim, axı sizi sevməyənlər də var”. O zaman belə bir cavab verdim: “Bizi sevməyənlər bizi tanımayanlardır”, - deyərək əlavə etdi ki,  nə yaxşı ki, buradakı oxucular, yetişən gənclik məni tanıyanlardır. Belə auditoriya şair üçün hər zaman stimul, həyat qaynağıdır.

Daha sonra Ramiz Rövşən sevgi şeirlərini səsləndirərək oxucularının zövqünü oxşadı, ardınca kitablarını imzaladı.

Qeyd edək ki, Xalq şairi Ramiz Rövşən VIII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarıdır.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN