Oktyabrın 5-də Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisinin Bül-Bül təqdimat zonasında AMEA-nın “Elm” Nəşriyyatının direktor müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyevin “Döyüşçünün zirehli hərb geyimi” adlı kitabının təqdimat mərasimi keçirildi.
Müəllif bildirdi ki, bu əsər 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş “Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsində “Döyüşçünün zirehli hərbi geyimi” eksponatına həsr olunmuş “ən yaxşı hekayə” kateqoriyası üzrə qalib gəlmiş mətnlərdən biri olmuşdur. Bundan sonra isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə kitab kimi çap edilmişdir.
Kitabın məzmunu haqqında danışan müəllif bildirdi ki, “əsər Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan “Döyüşçünün zirehli hərb geyimi” eksponatına həsr olunub və həmin tarixi eksponatın muzeyə ekskursiya edən məktəb şagirdlərindən birinə yaşatdığı qeyri-adi sərgüzəştlərdən və sehirli hadisələrdən bəhs edir. Əsər rəngarəng tərtibatı, ritmik və maraqlı məzmunu ilə kiçik yaşlı oxucuların diqqətini çəkən bir bədii nümunədir”.
Daha sonra cəmiyyətin maarifləndirilməsi, xüsusən informasiya cəmiyyəti quruculuğu prosesi, internet, elektron resurslar, habelə, uşaq hüquqlarının qorunması və digər aktual mövzularda yazdığı analitik məqalələrindən bəhs edən Vüqar Haqverdiyev sərginin önəmindən bəhs etdi, belə təqdimatların yaradıcılıqları üçün stimul olduğunu vurğuladı.
Təqdimatın sonunda oxucuların suallarını cavablandıran yazıçı kitablarını imzaladı və onlarla xatirə şəkillər çəkdirdi.