6 oktyabr 2022-ci ildə Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisinin Xurşidbanu Natəvan təqdimat zonasında “Vətən müharibəsi tarixi”, “Bizim böyük qələbəmiz”, “Zəfər memuarları” və “Böyük qayıdış” kitablarının Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə təqdimatı keçirildi.
Təqdimatın açılış nitqinə sözügedən kitabların redaktoru olan tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı başladı. O ilk öncə bu dörd dəyərli kitabın ərsəyə gəlməsində qarşılıqlı əməkdaşlıq etdiyi Bakı Şəhər İcra Hakimiyyətinə və onun əməkdaşlarına dərin təşəkkürlərini bildirdi. Həmçinin qeyd etdi ki, “Şərq-Qərb” nəşriyyatının bu istiqamətdə əziyyəti danılmazdır. Daha sonra bildirdi ki, oxucular bu kitablar vasitəsilə Böyük Vətən Müharibəsinin başlanğıcından tutmuş sonuna qədər baş vermiş hadisələrlə tanış olduqdan sonra, müharibə və qazanılan zəfərimiz haqqında təssəvvürlər və təəssüratları bir az da genişlənəcək: “Vətən müharibəsi tarixi” kitabı azərbaycan və rus dillərində dərc olunmuşdur. “Zəfər memuarları” kitabında 44 günlük müharibədə iştirak edən qazilərimizin xatirələri, onların yaşadıqları hadisələr böyük ustalıqla göstərilmişdir. “Böyük qayıdış” kitabında isə Ali Baş Komandan cənab İlham Əliyevin müharibə dövründə çıxışları, işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər öz əksini tapmışdır. 44 günlük müharibə haqqında bilikləri ilk öncə böyüyən nəslə öyrətməyi nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyəti azyaşlılar üçün “Bizim böyük qələbəmiz” adlı kitabı oxucuların istifadəsinə verdi”.
Daha sonra söz Bakı Şəhər İcra Hakimiyyətinin məsləhətçisi Mirtural Mirsultanova veridi. O bildirdi ki, bizim bu kitabları nəşr etdirməkdə məqsədimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Böyük Vətən Müharibəsində qazanılan qələbənin təbliği, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində görülən işlərin genişləndirilməsi və s. bu kimi məsələlər olmuşdur. Onun fikrincə, dəqiq faktların gələcək nəslə düzgün ötürülməsi üçün bütün müharibələrin dərin təhlili aparılmalıdır. Bu baxımdan, bu dörd kitabın böyük əhəmiyyətini qeyd edən M.Mirsultanov belə təşəbbüslərin tez-tez həyata keçirilməsinin labüdlüyünü bildirdi.
Təqdimatda Böyük Vətən Müharibəsinin qaziləri də iştirak ediblər. Əvvəlcə söz Böyük Vətən Müharibəsinin iştirakçısı, ehtiyyatda olan kapitan Elvin Hüseynova verildi. O nitqinə bu sözlərlə başladı: “Mən qürurluyam. Qürurluyam ona görə ki, qalib ordunun bir zabitiyəm. Bu kitabların hər birinin öz əhəmiyyəti böyükdür. Lakin “Zəfər memuarı” kitabının özünəməxsus yeri var. Səbəb isə odur ki, 44 günlük müharibədə şəhid və qazi yoldaşlarımın keçdiyi yol öz dolğun əhatəliliyi ilə bu kitabda əks olunub. Vətənimin bütövlüyü üçün yağı düşmənlə mübarizəyə çıxmağa həmişə hazırıq. Yaşasın, Azərbaycan!”
Sonda “Şərq – Qərb” nəşriyyatının direktoru Sevil İsmayılova çıxış etdi. O bu kitabların ərsəyə gəlməsində ilk öncə Bakı Şəhər İcra Hakimiyyətinə və onun əməkdaşlarına, daha sonra isə AMEA-nın Tarix İnstitutuna dərin təşəkkürünü bildirdi. Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə qazilərə bir ömür borclu olduğumuzu vurğulayan Sevil İsmayılova şəhidlərimizi hörmətlə andı.
Təqdimatın sonunda Şövkət Ələkbərova adına 20 saylı Uşaq Musiqi Məktəbinin şagirdi Aysun Sultanova qanon musiqi alətində çıxış etdi.