Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində keçirilən Bakı Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Türkiye-Azerbaycan Yayıncı Buluşması” - Türkiyə və Azərbaycan nəşriyyat evlərinin görüşü baş tutdu. Bu görüş Türkiye Milli Stendində 20 türk naşiri ilə Azərbaycan nəşriyyatlarının nümayəndələrinin təkbətək görüşləri baxımından nəzərdə tutulmuşdu. Görüşdə Türkiyədən “Çelik”, “Teda”, “Böyük doğa”, “Doğan kitab”, “Gün işığı”, Azərbaycandan isə “Parlaq imzalar”, “Qədim qala”, “Ağıllı bala”, “Libra”, “Mücrü” və s. nəşriyyat evlərinin nümayəndələri iştirak edirdi. Tədbirin əsl mahiyyəti nəşriyyatların bir-birini tanıması, qarşılıqlı əməkdaşlıq, birgə hazırlanacaq layihələrin müzakirəsi oldu. Tədbirdə çıxış edən Taner Beyoğlu Türk ədəbiyyatının xaricdə təmsil olunmasında bu cür sərgilərin, nəşriyyatlararası əməkdaşlığın vacibliyini vurğuladı. Kenan Kocatürk Beynəlxalq Kitab Sərgilərində Türk nəşriyyatlarının təmsilçiliyindən əhatəli şəkildə bəhs etdi, tədbirin sonunda hər iki ölkədən olan nəşirlərin birgə müqavilələr əsasında fəaliyyət göstərməsinin zəruriliyi vurğulandı.
Türkiyəli Naşir Kənan Kocatürk çıxışında qeyd etdi ki, bu cür görüşlər zamanı geniş müzakirələr aparılmalı, müəllif hüquqların qorunması istiqamətində düzgün fəaliyyət əks olunmalıdır. Qanunlar hazırlanarkən müəyyən razılıq əldə olunmalı, hər iki tərəfin fikirləri nəzərə alınmalıdır. Müəllif icazəsi olmadan çap olunan pirat nəşrlərin qarşısı alınmalı, bu sahədə geniş fəaliyyət göstərilməlidir.
Daha çox uşaq kitablarının çap vəziyyəti üzərində dayanan naşirlər hazırda Türkiyədə uşaq kitablarının çapına böyük önəm verildiyini vurğuladı və bunu ideoloji məsələ olaraq, yəni milli kimliyinə bağlı, ədəbiyyat və mədəniyyətini, tarixi keçmişini tanıyan nəsil yetişdirmək missiyasına xidmət olaraq önə çəkdi.