Tərlan Seyidovun “Fərhad Bədəlbəyli” kitabının təqdimat mərasimi keçirildi

Tərlan Seyidovun “Fərhad Bədəlbəyli” kitabının təqdimat mərasimi keçirildi

6 oktyabr 2022 0000

Oktyabrın 5-də Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Əməkdar incəsənət xadimi Tərlan Seyidovun “Fərhad Bədəlbəyli” kitabının təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan Tərlan Seyidov Fərhad Bədəlbəylinin  parlaq istedad və yaradıcılığa malik bir şəxsiyyət olduğunu qeyd etdi. Müəllif onun zəngin fəaliyyətindən bəhrələndiyini və nəticədə bu kitabın ərsəyə gəldiyini bildirdi.

Çıxış edən bəstəkar, professor Könül Hüseynova Fərhad Bədəlbəyli irsinin mədəniyyətimizin təbliğində misilsiz rol oynadığını vurğuladı. O, bildirdi ki, bu əsər sadəcə bir tədqiqatçının ərsəyə gətirdiyi kitab deyil. Bu işi hazırlamağa başlayan  Tərlan Seyidov böyük sevgi, əzm, yüksək peşəkarlıq nümayiş etdirmişdir. O, Tərlan Seyidovun Azərbaycan piano məktəbinin inkişafında, gənclərin yetişməsində mühüm rola malik olduğunu qeyd etdi, Fərhad Bədəlbəyli irsinin araşdırmaçısı kimi müəllifin böyük işə imza atdığını xüsusi vurğuladı. Fərhad Bədəlbəylini gözəl pedaqoq, böyük musiqiçi, təəssübkeş vətəndaş adlandıran professor Könül Hüseynova onu Azərbaycan xalqının musiqi tarixinin inkişafında misilsiz xidmətləri olan “canlı korifey” adlandırdı. Könül Hüseynova çıxışının sonunda Tərlan Seyidovu bu kitabın ərsəyə gəlməsi münasibətilə təbrik etdi.

Konservatoriyanın müəllimi Tərlan Quliyev Fərhad Bədəlbəylinin haqqında yazılan kitabların, həmçinin özünün də yazdığı əsərin daim yaşayacağını qeyd etdi. Fərhad Bədəlbəyli isminin XX əsr Azərbaycan piano sənətinə qızıl hərflərlə yazıldığını bildirdi, onu ictimai xadim, Azərbaycanda öz sözünü deyə bilən bir şəxsiyyət kimi dəyərləndirdi.

Təqdimatın sonunda çıxış edən Fərhad Bədəlbəyli musiqiçi ailəsində doğulmasını bir xöşbəxtlik adlandırdı. Kitab haqqında özünün dəyərli fikirlərini səsləndirdi və sonda kitabın çapının həyata keçirilməsində böyük rolu olan “Şərq-Qərb” nəşriyyatına xüsusi təşəkkürünü bildirdi.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN