Oktyabrın 5-də 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Xurşudbanu Natəvan təqdimat zonasında "İrəvan necə varsa. Keçmişdən bu günə" kitabının təqdimat mərasimi keçirildi. Qeyd edək ki, kitabın elmi məsləhətçisi Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov, layihə rəhbəri və elmi redaktoru tarix elmləri doktoru, professor Kərim Şükürovdur.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov kitabın tarixi əhəmiyyətini vurğuladı. Onun İrəvan tarixinin öyrənilməsində əvəzsiz mənbə olduğunu, kitabın ərsəyə gətirilməsində əsas məqsədin İrəvanın azərbaycanlıların qurub-yaratdığı bir şəhər olmasını diqqətə çatdırmaq və oradakı maddi-mədəni irsimizin beynəlxalq təşkilatlar tərəfindən qorunmasına nail olmaqdan ibarət olduğunu söylədi.
Müxtəlif dövrlərdə İrəvan şəhərinin yerləşdiyi ərazilərdən, bu şəhərin adının orta əsr yazılı mənbələrində Rəvan, İrəvan, İrivan kimi qeyd edilməsindən bəhs edən Anar Kərimov İrəvan şəhərinin bir mərkəz kimi, Çuxur-Səəd bəylərbəyiliyi və İrəvan xanlığı dövrlərində sosial-iqtisadi cəhətdən sürətlə inkişaf etdiyini qeyd etdi.
Nazir şəhərin inkişaf tarixindən, zəngin memarlıq abidələrindən bəhs etdi, onların Azərbaycan mədəniyyətinin öyrənilməsində mühüm mövqeyə malik olduğunu vurğuladı.
Daha sonra çıxış edən professor Kərim Şükürov kitabı "Azərbaycan İrəvanşünaslığına böyük töhfə" adlandırdı, qiymətli mədəni irs olaraq tarixdə qalacağını qeyd etdi, kitabın ərsəyə gəlməsində zəhməti keçən hər müəllifə xüsusi təşəkkür etdi. Bu gün müasir İrəvan şəhərində azərbaycanlıların izini qoruyub saxlayan yeganə ərazinin Təpəbaşı məhəlləsi olduğunu, bu məhəllədə azərbaycanlıların izlərinin Hacı İmamverdi məscidində, Abbasqulu xan İrəvanskinin mülkündə, Axund məhəlləsində, Şeyxülislam, Əsəd bəy, İmarət, Adalyar və Daşlı küçələrində bu gün də yaşadığını vurğuladı.
“İndiki Ermənistan ərazisində azərbaycanlılara məxsus tarix-memarlıq abidələrinin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və yaxud özününküləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Təəssüf ki, Ermənistan dövləti cəzasızlıq mühitindən istifadə edərək azərbaycanlıların maddi-mədəni irsini barbarcasına dağıtmaq siyasətini davam etdirir. Erməni vandalları azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin izlərini silməyə, başqa xalqların ayağına yazmağa və yaxud onları öz adlarına çıxmağa çalışsalar da tarixin yaddaşından onları silmək mümkün deyildir. İrəvan şəhəri Azərbaycanın elm, təhsil, mədəniyyət və incəsənət mərkəzlərindən biri kimi, Azərbaycan tarixinin parlaq və silinməz səhifələrindən birini təşkil edir”, - deyə tarixçi-alim fikrini yekunlaşdırdı.
Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin çağırışına cavab olaraq "İrəvan şəhəri-necə varsa" monoqrafiyasının hələ iki il öncə nəşrə hazırlanması haqqında AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasında geniş müzakirələr aparıldığını qeyd etdi. O, ölkə başçısının Tərtər rayonuna səfəri zamanı Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş qərarlar, İrəvanın Ermənistana verilməsi, eləcə də buradakı türk mənşəli toponimlərin saxtalaşdırılması məsələlərinə toxunduğunu xatırlatdı. Bildirdi ki, ölkə başçısı İlham Əliyevin çıxışından irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə "İrəvan necə varsa. Keçmişdən bu günə" kitabı ərsəyə gəlmişdir.
Bu günə qədər AMEA-nın müxtəlif institutları tərəfindən İrəvanın tarixi, arxeologiyası, əhalisi, toponimləri, maddi mədəniyyət nümunələri, xəritəsi, coğrafiyası, iqtisadiyyatı və s. istiqamətlərdə əsərlərin ərsəyə gətirildiyini xatırladan akademik yeni kitabın əhatəliyi və sistematikliyi ilə digərlərindən fərqlənəcəyini vurğuladı. Akademik İsa Həbibbəyli İrəvan şəhərinin fokloru, etnoqrafiyası, coğrafiyası haqqında kitabda geniş, sistemli şəkildə bəhs edildiyini qeyd etdi. Kitabın Azərbaycan tarixinin öyrənilməsində mühüm mənbə olduğunu bildirdi.