İranlı uşaq şairi Fərhad Həsənzadənin kitablarının təqdimatı keçirildi

İranlı uşaq şairi Fərhad Həsənzadənin kitablarının təqdimatı keçirildi

7 oktyabr 2022

7 oktyabrda Bakı Ekspo mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisinin Xurşidbanu Natəvan təqdimat zonasında iranlı uşaq şairi Fərhad Həsənzadənin “Ağ kəpənəkli çətir”, “Part, part, part”, “Kədərlənmə zebr” kitablarının təqdimatı keçirildi. Mərasimdə “Təhsil” nəşriyyatının baş redaktoru Tural Axundov,  tərcüməçi Nəsim Yousefi, yazıçı Sevinc Nuruqızı və digər qonaqlar  iştirak edirdi.  

Əvvəlcə “Təhsil” nəşriyyatının baş redaktoru Tural Axundov tədbirdə iştirak edən qonaqları salamladı, Fərhad Həsənzadənin kitablarının nəşrinin Azərbaycanda ilk dəfə “Təhsil” nəşriyyatı tərəfindən baş tutduğunu qeyd etdi. O, Nəsim xanıma tərcüməçilik faəliyyətinə görə xüsusi təşəkkür etdi. Sonra kitabın əsl mahiyyətindən bəhs etmək üçün sözü kitabın baş redaktoru Sevinc Nuruqızına verdi.

Sevinc Nuruqızı çıxışı zamanı dinləyicilərə bu cür kitab təqdimatlarında iştiraklarına görə təşəkkür etdi və bildirdi ki, bu cür geniş kitab sərgilərinin həyata keçirilməsi həm uşaqlar, həm böyüklər, həm də gənclər üçün çox faydalıdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutmuş bu sərgidə ünlü uşaq ədəbiyyatı yazarı, Fərhad Həsənzadənin iştirakını yüksək dəyərləndirdi. Onun “Hans Xristian Anderson” uşaq ədəbiyyatı mükafatı lauratı olduğunu nəzərə çatdıran Sevinc Nuruqızı kitabın redaktoru olmaqdan məmnun olduğunu söylədi.

Sonra Sevinc Nuruqızı kitabların məzmun və ideyası haqqında ətraflı məlumat verdi, qeyd etdi ki, “Ağ kəpənəkli çətir” kitabında əsas ideya “təsadüf zərurətdən doğur” fikridir. Bir hadisə çox zaman başqa hadisələrin qaynağı olur. Gülsatan uşaqların, bərbərxanada gecikən uşaqların, dərzinin qapısında qalan uşağın  və bütün uşaqların həyatının bircə ilməsi çözülür və onlar maraqlı yeni il keçirməyə nail olur. Bu maraqlı süjet  xətti müəllifə “Hans Xristian Anderson” mükafatını qazandırmışdır.

“Part, part, part” kitabı  isə silahlara “yox” deməyin ən gözəl üsuludur. Valideyinlər uşağa oyuncaq tapança hədiyyə edirlər. Uşaq isə yuxuda görür ki, həmin tapança vasitəsilə onun digər oyuncaqları  məhv edilib.

Fərhad Həsənzadə bu möhtəşəm əsərində uşaqlar və oyuncaqların dili ilə silahlara “yox” deyir. Bu isə terrora, müharibəyə yox demək, əksinə, sülhə çağırış anlamını ifadə edir. “Kədərlənmə zebr” əsərinin  isə əsas ideyası mərhəmət, insanlara qarşı sevgi hissinin aşılanmasıdır. O, bu əsərlərə görə çıxışının sonunda Fərhad Həsənzadəyə xüsusi təşəkkür etdi.

Təqdimatın sonunda söz Fərhad Həsənzadəyə verildi. Müəllif uşaqları və dinləyiciləri salamladı və bu sərgidə iştirakından məmnun olduğunu bildirdi. Bu cür sərgilərin keçirilməsinin ayrı-ayrı ölkələrin bir-biri ilə ədəbi, mədəni əlaqəsinin güclənməsi baxımından əhəmiyyətli hesab etdiyini vurğuladı. Uşaqların yalan danışmadığını, siyasətə qoşulmadığını qeyd edən Fərhad Həsənzadə onlara yazıçı kimi yox, müəllim kimi yanaşdığını vurğuladı.  Sonda müəllif tədbir iştirakçılarına təşəkkür etdi.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN