Ən yaxşi kitablar: müdriklik, mədəniyyət və mənəviyyat xəzinəsi

Ən yaxşi kitablar: müdriklik, mədəniyyət və mənəviyyat xəzinəsi

6 oktyabr 2021 0000

6 oktyabr 2021-ci il tarixində Bakı Ekspo Mərkəzində “Baku International Book Fair 2021” - 7-ci Bakı Beynəlxalq Kitab Sərgisi  öz işinə başladı. Sərgi Azərbaycanın dahi şairi  və mütəfəkkiri, dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

   Azərbaycan Respublikasının Baş nazir müavini Əli Əhmədov xalqımızın tarixi və mədəniyyətində mühüm bir mərhələ olan kitab sərgisinin suveren Azərbaycanın önəmli hadisələri arasında layiqli yer tutduğunu qeyd edib. Ə. Əhmədovun sözlərinə görə, sərgi Azərbaycan dövlətinin və cəmiyyətinin sivilizasiya mənbəyi kimi kitaba olan sevgisinin və bağlılığının göstəricisidir. Yazılar və kitablar sayəsində keçmiş həyat haqqında məlumatlara sahibik, Azərbaycanın müasir tarixinin salnaməsi üzərində uğurla işləyirik.Məruzəçi sərgi iştirakçılarına uğurlu və səmərəli iş arzulayıb.

   Sərginin açılışında çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov kitabı insanların inkişafı və tərbiyəsi üçün ən vacib vasitə adlandırıb. “-Azərbaycan dövləti kitab mədəniyyətinin və kitab sənayesinin inkişafına böyük diqqət yetirir” - deyə cənab nazir vurğulayıb. Uzun illər, hətta pandemiya şəraitində Bakıda kitab sərgisinin keçirilməsi bu mənəvi siyasəti uğurla nümayiş etdirir. Bu tədbir iştirakçıların və orada təmsil olunan təşkilat və şirkətlərin tərkibi, eləcə də dəvət olunmuş qonaqlar baxımından bölgədəki ən böyük sərgidir. Burada Nizami Gəncəvi İlinə həsr olunmuş bir sıra tədbirlər keçiriləcək. Sərginin unikallığı həm də ondan ibarətdir ki, onun keçirildiyi günlər böyüklər və uşaqlar üçün təxminən iki yüz fərqli tədbir təşkil olunacaq. Anar Kərimov sərgi iştirakçılarını əlamətdar hadisə münasibətilə təbrik etdi və layihənin sponsorlarına təşəkkürünü bildirdi.

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev təhsil prosesində mərkəzi yer tutan kitabla təhsilin vacib əlaqəsinə diqqət çəkdi. Kitab eyni zamanda xalqın sərvəti və mədəniyyətidir, gənc nəslin inkişafı və formalaşmasında mühüm rol oynayır. Nazirin sözlərinə görə, hazırkı sərgi bu istiqamətdə əhəmiyyətli addıma çevriləcək və müəllimlərin, eləcə də məktəblilər və tələbələrin diqqətini cəlb edəcəkdir.

Türkiyə Cümhuriyyətinin mədəniyyət və turizm nazirinin müavini cənab Ahmet Misbah Demircan Türkiyə Respublikasının Prezidenti və Türkiyənin mədəniyyət və idman nazirinin adından təbrikləri, arzuları və “Baku International Book Fair 2021” sərgisinin uğurla keçirilməsi barədə diləklərini çatdırıb.

“- Sərgi Nizami Gəncəvi ilinə həsr olunmub” -  deyə cənab Demircan qeyd edib. Bildirmək istərdim ki, bir çox nəsillər üçün gözəl nümunə olan dahi şairin yaradıcılığı Türkiyədə böyük hörmətə malikdir. Kitab qardaş xalqlarımız arasında ən vacib əlaqələrdən biridir. Keçmişi və gələcəyi, yazıçı ilə oxucunu, elm və təhsili bir araya gətirdikləri üçün kitab sərgilərini çox sevirik. Əminəm ki, Bakıdakı sərgi məhz belə bir tədbirə çevriləcək.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev sərgi iştirakçılarını, sponsorlarını və qonaqlarını yaradıcı birlik adından salamlayıb və təbrik edib. Qarabağ müharibəsindəki böyük Zəfərin əhəmiyyətini vurğulayan cənab Rzayev qeyd etdi ki, sərgi ölkə üçün vacib günlərdə keçirilir. Ədəbiyyatımız xalqın vətənpərvərlik və humanitar tərbiyəsində mühüm rol oynayır. Bu gün kitab müasir elektron texnologiya ilə rəqabət şəraitində yaşayır. Məruzəçinin sözlərinə görə, kitab heç vaxt bu qarşıdurmada təslim olmayacaq və əbədi yaşayacaq.

Sərgidə 13 ölkədən 165 müəssisə iştirak edir.  Azərbaycan, Bolqarıstan, Gürcüstan, Fransa, İndoneziya, İran, Kolumbiya, Qazaxıstan, Qırğızıstan, Misir, Özbəkistan, Rusiya və Türkiyəyə məxsus nəşriyyat evləri, mətbəələr, kitab mağazaları, mədəniyyət mərkəzləri və poliqrafiya şirkətləri sərgidə iştirak edir.

Bakı Beynəlxalq Kitab Sərgisi kitab sənayesindəki yenilikləri təqdim etmək, yerli və xarici nəşriyyatlar, müəlliflər, eləcə də milli nəşriyyat və poliqrafiya şirkətləri ilə danışıqlar aparmaq və müqavilələr bağlamaq üçün unikal bir fürsət yaradacaq. Sərgi məşhur yazıçı və şairlərin görüş yeri olacaq.

Sərginin keçiriləcəyi 5 gün ərzində iştirakçıları və ziyarətçiləri əlavə tədbirlərdən ibarət maraqlı proqramlar gözləyir. Məşhur azərbaycanlı və xarici yazarlar sərginin müxtəlif günlərində “günün qonaqları” olacaqlar: Çingiz Abdullayev, Elxan Elatlı, Elçin Əliyev, Nail Əlizadə, Gülseren Buğdayıcıoğlu, Togrul Mehti Niyazi və digərləri. Tarixçi Fuad Axundovun təqdimatında “Cənubi Qafqaz şəhərlərinin tarixi ənənələri” mühazirəsi baş tutacaq. Ercan Kesal (“Çukur” serialının baş qəhrəmanı İdris Koçovalı) ilə görüş saatı keçirələcək.

Şairə Nigar Həsənzadənin təqdimatında” İgidlərin SÖZü” layihəsi xüsusi diqqətə layiqdir. Layihə çərçivəsində 44 günlük müharibədə iştirak edən şəhid və qazilərin şeir təqdimatları baş tutacaq.

Sərgidə yerli və xarici yazarların kitablarının təqdimatı, Azərbaycan və Türkiyənin gənc şairləri ilə görüşlər keçiriləcək. Azərbaycanlı və türkiyəli yazıçılar Nizami Gəncəvinin və Yunus Əmrənin şeirlərini oxuyacaqlar.

“Nizami Gəncəvi İli” çərçivəsində hər gün səhər saat 10:00-dan etibarən Bakı Ekspo Mərkəzinin foyesində müxtəlif tədbirlər keçiriləcək. Onların arasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrı tərəfindən Nizami Gəncəvinin əsərləri üzərində qurulmuş kukla tamaşaları, Xalça Muzeyinin təqdimatı və s. öz yerini alacaq.

Uşaqlar üçün bir sıra tədbirlər təşkil olunacaq. Sərgi zamanı "Tık-Tık xanım", “Cırtdan” uşaq tamaşası, uşaqlar və böyüklər üçün müxtəlif master-klasslar, ebru (su üzərində rəsm sənəti) və daha nələr nümayiş olunacaq. Yazıçı Solmaz Amanova milli Azərbaycan nağıllarının personajlarını təqdim edəcək və hər bir uşağa paltarını dəyişərək nağıl qəhrəmanı obrazında olmaq imkanı veriləcək. Yazıçı Mürşüd İsmayılzadə ilə intellektual oyunlar keçiriləcək.

Sərgi çərçivəsində N.Gəncəvinin əlilliyi olan uşaqlar üçün işarə dilinə tərcümə edilmiş "Yeddi gözəl" kitabının elektron versiyasının təqdimatı baş tutacaq.

Sərginin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir, qızıl sponsoru – “bp” şirkəti, təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti həyata keçirir.

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN