Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” (özbək dilində) kitabının təqdimatı keçirildi

Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” (özbək dilində) kitabının təqdimatı keçirildi

7 oktyabr 2022 0000

6 oktyabrda VIII Bakı Beynəlxalq Kitab Sərgisinin Bül – bül təqdimat zonasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” (özbək dilində) kitabının təqdimatı keçirildi. Təqdimatda Özbəkistan Universitetlərinin nümayəndələri, Türkiyədən tanınmış araşdırmacı alim Kənan Çöloğlu, Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarov və digər qonaqlar iştirak edirdilər.

Əvvəlcə söz Elçin Qafarova verildi. Elçin Qafarov vurğuladı ki, VIII Bakı Beynəlxalq Kitab Sərgisində keçirilən kitab təqdimatları, yazıçılarla keçirilən görüşlər, imza saatları, müxtəlif mövzularda kitablarla bəzədilən stendlər, proqram məzmunu çox zəngin quruluşa malikdir. Daha sonra təqdim olunan kitabın məziyyətlərinə toxunaraq bildirdi ki, Elman Quliyevlə biz artıq neçə illərdi əməkdaşlıq edirik. Azərbaycan Dövlət Pedaqoji Universitetində 2017-ci ildə TÜRKSOY-un açılışı oldu və Elman Quliyev də onun yönəticilərindən biridir. Bizim bu kitabla tanışlığımız o vaxtdan başlayır. Elçin Qafarov TÜRKSOY-un böyük bəyənisini qazanan “Türk xalqları ədəbiyyatı” kitabının kafedraya üzv olan bütün ölkələrin tədris ocaqlarında yerli dilə çevrilərək, tədris olunması tövsiyə etdi.

Daha sonra özbək ədəbiyyatı ilə bağlı tədqiqatçılardan olan filologiya elmlər namizədi Kərimulla Məmmədzadəyə söz verildi. O, Elman Quliyevin bu kitabının türk xalqları ədəbiyyatını öyrənənlər üçün çox praktik əsər olduğunu bildirdi, “Türk xalqları ədəbiyyatı” kitabı bu mövzuda imtahana hazırlaşanlar üçün yığcam və lazımlı əsərdir”, - deyə qeyd etdi.

Türkiyənin tanınmış araşdırmacısı Kənan Çöloğlu çıxışında bildirdi ki, biz ayrı-ayrı ölkələrdə, xalqlarda türk ədəbiyyatı yaratdıq. Lakin bu kitab vasitəsilə bizim ortaq dəyərlərimiz, ədəbi zənginliklərimiz, mədəniyyətimiz təkmilləşmişdir. Nitqinin sonunda o, kitabın müəllifinə, redaktoruna və əməyi keçən digərlərinə dərin təşəkkürünü bildirdi.

Daha sonra professor Seyfəddin Rzasoy və professor Yaqub Babayev, Özbəkistandan gələn nümayəndəliklərdən Termez Dövlət Universitetinin prorektoru A.Şəfiyev, şairə Xasiyyət Rüstəm, çıxış edərək kitabın elmi və praktiki əhəmiyyətini önə çəkdilər.  

Sonda kitabın müəllifi, filologiya elmləri doktoru, professor Elman Quliyevə söz verildi. O bildirdi ki, “Türk xalqları ədəbiyyatı” kitabının özbək dilinə tərcümə olunması, Daşkənddə və Özbəkistanda çap edilməsi və bu gün VIII Bakı Beynəlxalq Kitab Sərgisində təqdimatının keçirilməsi mənim üçün bir müəllif olaraq çox qürurverici bir haldır. Bu kitab uzun illər ərzində gerçəkləşdirilən araşdırmanın sonucunda hasilə gəlib və inanıram ki, uzun illər bu sahədə müraciət olunan ən əhəmiyyətli işlərdən biri sayılacaq.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN