8 oktyabrda Bakı Ekspo Mərkəzində keçirilən VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin dəstəyi ilə Əhməd Cavadın “Mən həqiqət sədasıyam” sərlövhəsi altında seçilmiş əsərlərindən ibarət kitab geniş oxucu kütləsinə təqdim edildi. Tədbirdə millət vəkili, akademik, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov, Əhməd Cavadın nəvəsi Cavad Axundzadə və digər qonaqlar iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan mərkəzin rəhbəri Samir Abbasov bildirdi ki, qardaş ölkə, ortaq kökə, ortaq dəyərə malik Özbəkistan Respublikası ilə mədəni əlaqələri daha da möhkəmləndirmək məqsədilə bu cür layihələr həyata keçirilir. Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi ədəbiyyatımıza, tariximizə, milli mədəniyyətimizə xidmət edən yüzlərlə layihə həyata keçirmiş, qardaş ölkə ictimaiyyətinə vətənimizin dəyərləri ilə bağlı öz ana dilində geniş materiallar hazırlanmasına vəsilə olmuşdur.
Ötən müddət ərzində ədəbi və elmi sahədə mühüm əlaqələr yaradılmış, Azərbaycan Mədəniyyət Mərkəzinin "Klassik Azərbaycan ədəbiyyatının tədqiq, tərcüməsi və nəşri” adlı layihə çərçivəsində klassik Azərbaycan ədəbiyyatının Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Xan qızı Xurşidbanu Natəvan və başqa görkəmli nümayəndələrinin əsərləri, eləcə də Azərbaycan xalqının ana kitabı hesab edilən “Kitabi- Dədə Qorqud” dastanı özbək dilinə tərcümə edilərək nəfis şəkildə çap edilmişdir.
O, qeyd etdi ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin mədəniyyətimizin, ədəbiyyatımızın təbliği sahəsində növbəti addımı yuxarıda qeyd olunan layihə çərçivəsində istiqlal şairimiz Əhməd Cavadın əsərlərinin özbək dilinə tərcümə edilərək nəşrə hazırlanması oldu. Həyata keçirilən bu layihə çərçivəsində Əhməd Cavad poeziyasının timsalında Azərbaycan xalqının sönməz vətən eşqini, sonsuz istiqlal arzusunu, milli birlik, bərabərlik məfkurəsini yeni nəsillərə ötürməklə yanaşı, atalarımızdan bizə miras qalmış zəngin mədəniyyətimizi də uğurlu bir şəkildə təbliğ etmiş olduq. Daha sonra çıxışçı nəşrin qardaş Özbəkistan oxucuları üçün maraqlı olacağına, istiqlal şairimiz Əhməd Cavadın irsinin təbliği, şairin 130 illik yubileyinə kiçik bir töhfə olacağına ümid etdiyini bildirdi.
Samir Abbasov Əhməd Cavad yaradıcılığı haqqında da geniş və əhatəli çıxış etdi. Əhməd Cavadın 1918-1920-ci illərdə, 26-28 yaşlarında Azərbaycan milli istiqlalının yorulmaz təbliğatçısı olduğunu bildirdi. Əhməd Cavad poeziyasının əsas ideyasının azadlıq və istiqlalla bağlı olduğunu, 1918-ci illərdə yazdığı şeirləri, əsasən, azadlığa, ilk Azərbaycan Respublikasının uğurlarına həsr etdiyini, Azərbaycan və ana mövzusunun ilk dəfə Əhməd Cavadın şəxsində işləndiyini bildirdi. Əhməd Cavad yaradıcılığı haqqında dolğun informasiya verən Samir Abbasov oxuculara təqdim edilən bu kitabın tərcüməçisinin Şəhla Qasımova, elmi məsləhətçi və ön söz müəllifinin akademik Nizami Cəfərov olduğunu bildirdi.
Daha sonra çıxış üçün söz Akif Marifliyə verildi. O, tədbirdə iştiraka görə hamıya təşəkkür etdi və bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bu il Əhməd Cavadın 130 illik yubileyi ölkə səviyyəsində qeyd edilir. Əhməd Cavad tək Azərbaycanın deyil, bütün türk dünyasınının ədədbiyyat, tarix və mədəniyyətinə adını qızıl hərflərlə yazdırmış bir şəxsiyyətdir. Akif Marifli Əhməd Cavad yaradıcılığının Özbəkistanda yüksək səviyyədə təbliğinə görə Samir Abbasova xüsusi təşəkkür etdi, digər türkdilli ölkələrdə də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Əhməd Cavad yaradıcılığının təbliği məqsədilə müxtəlif tədbirlər keçirildiyini vurğuladı.
Akademik Nizami Cəfərov çıxışı zamanı Əhməd Cavadın hələ gənc yaşlarından ölkənin milli ideoloqu kimi çıxış etdiyini, Gəncədə, Qafqazda, ölkənin müxtəlif ərazilərində qaynar siyasətlə, dövlətçilik ideyaları ilə məşğul olduğunu vurğuladı. Əhməd Cavadın keçməkeşli həyat yollarından, mübarizəsindən geniş şəkildə danışan Nizami Cəfərov bu kitabın ərsəyə gəlməsində xidməti olan Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməyini yüksək dəyərləndirdi və kitabda yerləşdirilən nümunələrin hər iki dildə verilməsini məqsədəuyğun hesab etdiyini vurğuladı.
Sonda söz alan Əhməd Cavadın nəvəsi Cavad Axundzadə Əhməd Cavad şəcərəsi, ailəsi adından ölkə prezidentinə verdiyi fərmana görə xüsusi təşəkkür etdi. Əhməd Cavadın zəngin bədii irsi və milli istiqlal ideyalarının təcəssümü uğrunda fəaliyyətini önə çəkdi. Bildirdi ki, Turanın böyük fədaisi Əhməd Cavadın şərəfinə qardaş Türkiyədə heykəli ucaldılmış, müxtəlif tədbirlər həyata keçirilmişdir. Bu cür genişmiqyaslı layihələrin keçirilməsini yüksək dəyərləndirən Cavad Axunzadə bütün bunlara görə ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Mədəniyyət Nazirliyinə xüsusi təşəkkünü bildirdi.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkillər çəkildi.