Bakı Yunus Əmrə İnstitutunun koordinatoru Səlcuq Karakılıç VIII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı qənaətlərini bölüşərkən qeyd etdi ki, bu sərgi Azərbaycanın beynəlxalq aləmdə tanınmasında mühüm əhəmiyyət kəsb edir. Ötən il də bu sərgiyə qatıldığını bildirən Səlcuq Karakılıç sərginin bu dəfə daha fərqli, daha təkmilləşdirilmiş formada təşkil edildiyini vurğuladı. O, qeyd etdi ki, bu cür sərgilər vasitəsilə Türkiyədən gələn nəşriyyatlar Azərbaycan nəşriyyatları ilə tanış olur, müqavilələr bağlayır, hər iki ölkə ədəbiyyatının qarşılıqlı şəkildə yayımlanmasına, təbliğatına çalışırlar. Eyni zamanda, Türkiyədən gələn yazıçılar da təşkil edilmiş imza saatlarında iştirak edərək azərbaycanlı oxuculara özlərini tanıtmaq imkanı əldə edirlər. Təbii ki, burda yalnız Türkiyə deyil, on altı fərqli ölkənin iştirak etdiyini qeyd edən Səlcuq Karakılıç bu 16 ölkənin yazıçıları, nəşriyyatları ilə qarşılıqlı təmas şansı qazandıran VIII Bakı Beynəlxalq Kitab Sərgisinin əhəmiyyətini yüksək dəyərləndirdi: “Azərbaycanda kitab təbliğatının təşkilatçılığı ilə kitabın bir mədəniyyət olduğunu, insanlığın gəlişməsində böyük əhəmiyyət daşıdığını düşünsək, bu sərginin heç şübhəsiz, Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycan ədəbiyyatının, eyni zamanda, Azərbaycan oxucularının kitaba verdiyi dəyər olduğunu görə bilərik. Bu mövzuda Azərbaycan xalqını və Mədəniyyət Nazirliyini təbrik edirəm və burada olmaqdan qurur duyuram”.