Oktyabrın 5-də Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisində “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Təsisatı – 20 il. Ümumi fəaliyyət və görülmüş işlər” mövzusunda görüş keçirildi.
Giriş söz Ombudsman Aparatının Ümumi Şöbəsinin müdiri İbrahim Abdullayevə verildi. O əvvəlcə cəmiyyətimizdə kitaba olan marağın artırılmasına töhvələr verən Mədəniyyət Nazirliyinə öz təşəkkürünü bildirdi, iyirmi ildə görülən işlərdən bəhş etdi.
Daha sonra cıxış edən Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov qeyd etdi ki, Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev tərəfindən təsdiq edilmiş 1998 – ci il 18 iyul tarixli sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda ilk dəfə olaraq Azərbaycan Respublikasında səlahiyyətli müvəkkili təsisatının yaradılması nəzərdə tutulmuşdur. Bunun ardınca 2001-ci il 28 dekabr tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Haqqında” Konstitusiya Qanunu qəbul edildi. Müqalib Mahmudov bildirdi ki, hazırda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın rəhbərliyi ilə Ombudsman Təsisatı özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Son dövrlər Ombudsman Aparatının fəaliyyətinin təkmilləşməsi istiqamətində həyata keçirilən maliyyə çərçivəsində əhalinin müxtəlif sosial qruplarının, əsasən də şəhid ailələrinin, müharibə veteranlarının, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına xidmət edən yeni sektorlar yaradılmışdır. Müqabil Mahmudov daha sonra çıxışında hüquqi maarifləndirmə işinin təşkilində kitabxanaların, kitabların və oxucuların kitaba olan münasibətinin çox mühüm rol oynadığını vurğuladı.
İnformasiya əldə etmək hüququ sektorunun aparıcı məsləhətçisi Elvin Hacıyev çıxışında informasiya əldə etmək hüququ ilə bağlı özündə bir çox məlumatları birləşdirən videoslayd ilə çıxış etdi. Elvin Hacıyev əlavə elədi ki, burada “İnformasiya sahibləri kimlərdir?, “İnformasiya sorğusu”, “İnformasiya sorğusunun icra müddətləri”, “İnformasiya əldə etmək hüququnun təmini”, “Müvəkkil hansı hallarda şikayətə baxmır” başlıqlı mövzularda sözügedən məlumatlar işıqlandırılmışdır.