5 oktyabr 2022-ci il tarixində Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı oldu.
Sərgidə tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın “Cavidin idealları XXI əsrin kontekstində” kitabının təqdimatı keçirildi. Bu tədbirdə bir çox elm və mədəniyyət xadimləri iştirak etdi.
Açılış nitqində Azər Turan ilk öncə Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs etdi. Onun ədəbiyyatımıza, poeziyamıza göstərdiyi dərin və bir o qədər də əhəmiyyətli xidmətlərindən danışdı.
Kitabda 1918-ci ildə Hüseyn Cavidin Bakıda ermənilərin əsirliyindən qurtulduqdan sonra “İblis” faciəsini yazması, türkçülük ideologiyasının süqutundan sonra “Topal Teymur” əsərini yazması, Xəyyam pyesində səlcuq amilini ön plana çəkilməsindən bəhs olunması turan məfkurəsinin önəminin bariz sübutudur. Məhz H.Cavidin “Topal Teymur” əsərinə qədər türk ədəbiyyatında Topal Teymur qəsbkar, qəddar hökmdar kimi tanınırdı.
Təqdimatın sonunda bir çox alim və yazıçılar A.Turana öz suallarını ünvanladılar və belə dəyərli kitabların müasir gənclərin ədəbi biliklərinin təkmilləşməsi baxımından önəmindən bəhs edərək, yazıçıya öz təşəkkürlərini bildirdilər.