Aqşin Yenisey “Vətənpərvərlik və dünyəvilik mövzusunda sərbəst çıxış” mövzusunda məruzə etdi

Aqşin Yenisey “Vətənpərvərlik və dünyəvilik mövzusunda sərbəst çıxış” mövzusunda məruzə etdi

7 oktyabr 2022

6 oktyabr 2022-ci ildə Bakı Ekspo keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisinin Xurşidbanu Natəvan təqdimat zonasında yazıçı, şair, publisist, sərgidə fəxri yazar qismində iştitrak edən Aqşin Yenisey “Vətənpərvərlik və dünyəvilik mövzusunda sərbəst çıxış” mövzusunda məruzə etdi.

Aqşin Yenisey çıxışında ədəbiyyatın yaradıcılıq problemləri ilə bağlı bir sıra məqamlara toxundu. Tarixilik və bəşərilik məsələləri, dünya ədəbiyyatında bunun işlənmə rakursları, prioritet mövzular ətrafında fikir mübadiləsi etdi. “Tarixə baxanda millilik və bəşərilik mövsusu müxtəlif dövrlərdə formasını dəyişə-dəyişə bu günümüzə qədər gəlib çatmışdır. Makedoniyalı İsgəndər dünyanı ellinizm mədəniyyəti ətrafında birləşdirmək istəyirdi və düşünürdü ki, bu mədəniyyəti dünyaya yaymaqla dünya insanının ətrafında  daha xoşbəxt dünya qura bilər”. – deyən Aqşin Yenisey qloballaşma məsələsinə də münasibət bildirdi. Qloballaşmanın dünyanı düşündürən ən aktual problem olaraq qaldığını nəzərə çatdıran yazıçı ona qarşı mübarizə yolları üzərində təkliflərini səsləndirdi, xalqın milli simasının qorunmasında bəzi praktik işlər həyata keçirilməsinin labüdlüyünü nəzərə çatdırdı: “Dünyadakı bütün qloballaşma cəhdləri dünyanın daha çox millətlərə və dövlətlərə parçalanması ilə nəticələnir. Dünya heç vaxt bu gerçəklik ilə üz-üzə qalmır. Əksinə bu ideyalar, utopik cəhdlər gücləndikcə insanlar daha çox milli sərhədlərinə sığınmağa cəhd göstərirlər. Bu gün də eyni proses baş verir. Lakin indiki qloballaşma prossesinin əvvəlkindən bir fərqi var. Qloballaşmağa cəhd göstərən dünya gücləri sadəcə “qlobal bazar”ı yaratmaq istəyirlər. Bu gün qlobalizmə qarşı ən böyük mübarizə aparan ölkə Fransadır. Fransa bələdiyyələri ingilis dilli reklam şüarlarını asmağına görə öz ölkəsində yüksək cərimələr tətbiq edib. Eləcə də bu ölkənin yazıçıları, Mədəniyyət Nazirliyi fransız romantik şair, dramaturq, yazıçı Viktor Hüqonun dilinin amerika kinosunun və mədəniyyətinin dilinə yenilməməsi üçün Fransa kinoteatrlarında amerika filmlərinin verilməsini məhdudlaşdırıblar”.

Daha sonra Aqşin Yenisey hər bir xalqın milli özünəməxsusluğunun qorunmasının vacibliyi məsələsinə toxunaraq bunları vurğuladı: “Mən düşünürəm ki, biz bəşəri dəyərləri itirməmək şərti ilə öz milli kimliyimizi unutmamalıyıq. Çünki onun bizə qatdığı çox yüksək keyfiyyətlər var”.

Tədbirin sonunda oxucular onlara maraqlı olan sualları müəllifə ünvanladılar, xatirə şəkillər çəkdirdilər.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN