Uşaq yazıçısı Reyhan Yusifqızı ilə görüş və imza saatı keçirildi

Uşaq yazıçısı Reyhan Yusifqızı ilə görüş və imza saatı keçirildi

9 oktyabr 2022 0000

8 oktyabrda Bakı Ekspo mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Üzeyir Hacıbəyli təqdimat zonasında müasir uşaq yazarı Reyhan Yusifqızının kiçikyaçlı oxucuları ilə görüşü və imza saatı baş tutdu. Qeyd edək ki,  fantastik üslubda yazdığı əsərləri ilə Reyhan Yusifqızı uşaq ədəbiyyatı tariximizdə təkrarolunmaz izlər qoymağa nail olmuşdur. O, özünəməxsus üslubu, bədii təxəyyülü vasitəsilə uşaqların hüdudsuz düşüncə aləminin daha da zənginləşməsinə yol açan uşaq yazarıdır.  

Bu görüşə Reyhan Yusifqızı “Diribaş qızlar klubu”, “Pəncərəni kim sındırdı” kitabları ilə qatılmışdı.

Qonaqları salamlayan Reyhan Yusifqızı kitablarının məziyyətləri, mövzu və ideya istiqamətləri haqqında məlumat verərək bildirdi ki, müasir yeniyetmələrin məktəb həyatından bəhs edən “Diribaş qızlar klubu” kitabında bir çox gündəlik problemlərə toxunulur və onların ədalətli şəkildə həll yolu göstərilir. Sevgi və ümid ilə dolu olan saf qəlblərin birlikdə döyündüyünü əks etdirən bu kitab məktəb həyatında müxtəlif macəralarla rastlaşan qızlara həsr edilib.

Müəllif kitabın məzmunu haqqında geniş məlumat verdi, “Ah məktəb, məktəb”, “Fidan”, “Selin”, “Nuray”, “Aysu”, “Selcan” hekayələrinin məzmununu uşaqlara danışdı. Uşaqlar bu hekayələrə diqqətlə dinləyərək müəllifə suallar verdilər, müəyyən müzakirələr apardılar.

Reyhan Yusifqızı “Pəncərəni kim sındırdı” kitabı haqqında geniş söhbət açaraq bildirdi ki, burada da fərqli məzmunlu hekayələr yer almışdır. O, “Ad günü”, “Arximed niyə gülürdü” adlı  hekayələri haqqında oxucularına ətraflı məlumat verdi. Qeyd etdi ki, “Ad günü” hekayəsi qısa olsa da, əslində uşaqları tərbiyələndirmək baxımından maraqlı süjet xətti üzərində qurulmuşdur. Burada qloballaşan dünyamızda, elm və texnika əsrində həm uşaqların öz yaşlarından böyük görünmək istəyi tənqid olunur, həm də onlara dostluğun önəmi, sevgi və mərhəmət hissi aşılanır.

Reyhan Yusifqızı qeyd etdi ki, hekayələrində onu narahat edən bir çox məqamları ifadə etməyə çalışıb. Çağdaş zəmanəmizin qlobal problemi olan internet və ondan asılılıq məsələsi, uşaqların az mütailə eləməsi, kitabdan uzaq düşməsi onu düşündürən problemlər sırasındadır.

Tədbirdə iştirak edən uşaqlar yazıçının “Mən və nənəm”, “İki qardaş”, “Musanın əhvalatı”, “Şəhrizad nağıl axtarır”, “Dəcəl ilbizlər”, “Ən gözəl”, “Leyla və Günəş”, “Boz bala dovşanın qulaqları niyə əsirdi”, “İgid şahin”  kimi yığcam hekayələrinin mövzusundan danışdılar, belə hekayələrin onların maraqlarına uyğun gəldiyini bildirdilər.

Sonda Reyhan Yusifqızı uşaqların kitablarına ürək sözlərini yazaraq imzaladı və uşaqlara yaradıcılığına göstərdikləri maraq, diqqətə görə  xüsusi təşəkürünü bildirdi.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN