7 oktyabrda VIII Bakı Beynəlxalq Kitab Sərgisinin Üzeyir Hacıbəyli təqdimat zonasında “Zəfərin Amili” kitabının təqdimatı keçirildi. Qeyd olundu ki, “Şuşa ili”nə həsr olunmuş bu kitab Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə nəşr olunmuşdur. Kitabın müəllifi Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsi şəhidi Amil Ramiz oğlu Hüseynovun həyat yoldaşı Xalisə Hüseynovadır.
İlk çıxış edən “Zəfərin Amili” kitabının redaktoru Ramil Əhməd oldu. O, kitabın məzmunu, ideya istiqaməti barədə oxucuları məlumatlandıraraq qeyd etdi ki, “Xalisə xanımın “Zəfərin Amili” kitabı 44 günlük Vətən müharibəsindən bəhs edən və ilk dəfə olaraq şəhid xanımı tərəfindən yazılan ilk və nadir kitabdır. Kitabda şəhid Amil Hüseynovla yanaşı bütün şəhidlərimizin həyatı, özlərindən sonra qoyub getdikləri ailələrinin çəkdiyi ağrı və intizar barədə məlumatlara yer verilib.”
Daha sonra nəşrin layihə rəhbəri, ön sözün müəllifi, Regional İdarənin rəisi Faiq Xudanlı çıxış etdi. O, ilk növbədə ölkə başçısının 2022-ci ili “Şuşa ili” elan etməsindən, Mədəniyyət Nazirliyinin təşkil etdiyi, elmi və mədəni baxımdan çox böyük əhəmiyyət kəsb edən VIII Bakı Beynəlxalq Kitab Sərgisinin önəmindən bəhs etdi. Kitabın məziyyətləri, mövzusu ilə bağlı bəzi məqamlara toxunan Faiq Xudanlı bildirdi ki, bu kitabda Xalisə də, Amil də simvoldur. Amil müharibədə öz canı naminə bizi addım-addım zəfərə aparan şəhidlərimizin, Xalisə isə bütün şəhidlərin məğrur xanımlarının rəmzidir.
Sonda kitabın müəllfi Xalisə xanım çıxış etdi. O, bildirdi ki, bu kitab onun yaşamağının, ayağa qalxmasının səbəbkarıdır: “Amildən sonra mənim üçün heç bir şeyin mənası qalmamışdı. Lakin tədbirlərin birində Regional İdarənin rəisi Faiq Xudanlı mənə kitab yazmağı məsləhət gördü. Əvvəlcə bu kitabı necə yazacağını bilmədim. Sonra onunla olan xatirələrdən tutmuş, həyatının axarından bəhs edən parça-parça məlumatları birləşdirdim. Nəhayət, iki ilin sonunda bu kitab nəşr olundu. “Zəfərin Amili” kitabı məni bütövləşdirdi, yaralarıma məlhəm oldu.
Tədbirin sonunda imza saatı keçirildi və iştirak edən hər kəsə təşəkkür edildi.