Oktyabrın 7-si Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisinin Xurşidbanu Natəvan təqdimat zonasında “Şah İsmayıl Xətayinin anadilli “Divan”ının Daşkənd nüsxəsi” kitabının təqdimatı keçirildi. Qeyd olundu ki, bu nəşr azərbaycanın qüdrətli şəxsiyyəti, böyük tarixi sərkərdə Şah İsmayıl Xətayinin 535 illik yubileyi münasibətilə hazırlanmışdır.
Təqdimatda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin müdiri Akif Marifli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, filologiya elmləri doktoru, professor Nizami Tağısoy və kitabın tərtibçisi, fəlsəfə elmləri doktoru, sərgidə fəxri qonaq qismində iştirak edən Kərimulla Məmmədzadə çıxış etdilər.
Əvvəlcə söz Akif Marifliyə verildi və o, çıxışında bildirdi ki, Şah İsmayıl Xətai nəinki azərbaycan dövlətçiliyinin inkişafında, eləcə də milli ədəbiyyatımızın formalaşmasında öz misilsiz xidmətləri ilə seçilən qüdrətli şəxsiyyətdir. Onun qurduğu dövlətin nəticəsidir ki, indi də azərbaycan istər elm, təhsil, mədəniyyət, güc, nüfuz, istərsə də xarici əlaqələr baxımından daim inkişaf etməkdədir.
Daha sonra çıxış edən akademik İsa Həbibbəyli bildirdi ki, VIII Bakı Beynəlxalq Kitab Sərgisi azərbaycanın kitab siyasəti və mədəniyyətinin təbliği baxımından böyük uğurudur. Hazırda oxuculara təqdim etdiyimiz “Şah İsmayıl Xətayinin “Divan”ının Daşkənd nüsxəsi” bir çox cəhətdən bizim üçün qiymətlidir. Bu gün biz Ulu öndər Heydər Əliyevin yolu və cənab prezident İlham Əliyevin siyasi iradəsi ilə həmin böyük təməllər üzərinə qurulan müstəqil azərbaycan dövlətinin yeni inkişafının iştirakçıları və qurucuları sırasındayıq. Bu mənada bu kitab həm Azərbaycan – Özbəkistan əlaqələrinin indiki mərhələsində azərbaycanın böyük töhvəsidir, həm də ortaq qayəmizdir.”
Akademik həmçinin bildirdi ki, bu ilin iyul ayında Qırğızıstan Akademiyalarının toplantısında olarkən Özbəkistanı təmsil edən Özbəkistan Akademiyasının vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru Bəhram Əbdülxalidov bir neçə nüsxələrin tapılması haqqında mənə məlumat verdi. Bir müddət sonra Heydər Əliyev adına Mədəniyyət Mərkəzi bu nüsxələri kitab halında nəşr edib azərbaycana və dünyaya təqdim etdi. Kitabda Şah İsmayıl Xətai ilə bağlı bizə məlum olmayan məsələlər var. Orada “Gicirgah” adlı bölmə var ki, Şah İsmayıl Xətainin digər divanlarında belə bir bölmə ümumiyyətlə yoxdur. İsa Həbibbəyli 2023-cü ildə YUNESKO-nun Şah İsmayıl Xətainin və Əcəmi Naxçıvaninin yubileylərinin dünya miqyasında qeyd ediləcəyi haqqında bir önəmli məlumatı oxucuların diqqətinə çatdırdı. Daha sonra İsa Həbibbəyli Özbəkistan nümayəndəliklərinə və Heydər Əliyev Mədəniyyət Mərkəzinin əməkdaşlarına belə bir önəmli kitab ərsəyə gətirdikləri üçün dərin təşəkkürünü bildirdi.
Təqdimatın sonunda kitabın tədqiqatçısı, tərtibçisi, fəlsəfə elmləri doktoru Kərimulla Məmmədzadəyə söz verildi. Divan haqqında xüsusi məlumat verən Kərimulla Məmmədzadəyə bildirdi ki, Özbəkistan Tədqiqatçılıq İnstitutunda bəzi nüsxələrin olması bizə məlum idi, lakin əlçatan deyildi. Biz belə düşünürdük ki, türk alimləri bu divanın nüsxəsini özbəkistanlılardan ala bilərdilər. Bu nüsxələr 1535-ci ilə aid saray nüsxəsidir və mən hətta belə düşünürəm ki, divan Şah İsmayıl Xətainin sağlığı vaxtı sifariş edilib. Sözügedən kitabımızın özündən qabaq şöhrətinin yayılması mənim üçün çox qürurverici bir hal idi. Buna görə mən bu işdə əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm.