Oktyabrın 8-də VIII Bakı Beynəlxalq Kitab Sərgisinin Üzeyir Hacıbəyli təqdimat zonasında “Klassikamızın varisləri ilə görüş və açıq söhbət” baş tutdu. Görüşdə Mirzə Ələkbər Sabir, Maqsud İbrahimbəyov, İsmayıl Şıxlı, Abdulla Şaiq, Xanımana Əlibəyli, Tofiq Mahmud, Teymur Elçinin varisləri və qonaqlar iştirak etdilər.
Adları çəkilən sənətkarlarımızın varisləri sayılan övladları və nəvələri etdikləri çıxışlarda həyat və yaradıcılıq məsələlərinə toxundular, belə bir görüşün keçirilməsindən mütəəssir olduqlarını vurğuladılar.
Əvvəlcə söz Azərbaycan şairi, inqilabçı-satirik, mütəfəkkir, ictimai xadim Mirzə Ələkbər Sabirin nəvəsi Sevda Tahirliyə verildi. O qonaqları salamladıqdan sonra nitqinə bu sözlərlə davam etdi: “Mirzə Ələkbər Sabirin həyatı və yaradıcılığı daha çox Sovet dövründə tətbiq olunduğuna görə oxuculara yalnış təbliğ olunmuşdur. Bəzən fikirləşirlər ki, M.Ə.Sabir Azərbaycan Kommunist Partiyasının dövründə sağ olsaydı M.Müşfiq kimi, Ə.Cavad kimi, A.Yıldırım kimi repressiya qurbanına çevriləcəkdir. Ədəbiyyatımızda göstərilən yalnış fikirlərdən biri də onun 11 övladı olmasına baxmayaraq, 9 övladının olması haqqında məlumatın olmasıdır.
Sevda Tahirli bildirdi ki, əslində Səriyyə Soltanın sayəsində biz bu gün “Hophopnamə”ni əlimizdə saxlamışıq. Çünki, M.Ə.Sabir ömrünün sonlarına yaxın öz kitabını nəşr etdirmək istəyir, lakin buna maddi imkanı çatmır. Qızının qızıllarını satsa belə bu məbləği əldə edə bilməyəcəyini görən yazıçı öz əlləri ilə əsərlərini seçir. O birinci növbədə çap olunacaq əsərləri bağlamada ayrı bir yerdə saxlayır. Sabirin vəfatından sonra hüzür məclisində ona aid əlyazmaların böyük qismi oğurlanandan sonra digər əsərlər atasının arzusunu həyata keçirmək üçün Səriyyə Soltan tərəfindən gizlədilir. “Hophopnamə”də olan əsərlər həmin bu gizlədilən əsərlər idi”.
Daha sonra tədbirdə “Şahmat” teatrının gənc aktyorları tərəfindən Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi əsasında hazırlanan səhnəcik qonaqlara nümayiş etdirildi.
Ardınca söz Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadəyə verildi. O da öz növbəsində qeyd etdi ki, biz Abdulla Şaiqin mənzil muzeyi olaraq nəşrlərə çox böyük əhəmiyyət veririk. Düzdür, tədbirlər sayəsində oxuculara, ziyarətçilərə məlumat vermək olur, lakin gələcək nəsillərə qalan nəşrlər olur. Abdulla Şaiqin maraqlı və zəngin ədəbi-bədii nümunələri olmuşdur və o, təkcə uşaq şairi olmamışdır. Onun stalinizmə, faşizmə, repressiyaya aid şeir nümunələri də var idi və həmin şeirlər bağlı bağlamada saxlanılırdı. 1990-cı illərdə üzə çıxan bu şeirlər “Arazdan Turana” adlı kitab toplusunda Abdulla Şaiqin oğlu Kamal Talıbzadə tərəfindən çap edilmişdir.
Tədbirdə həmçinin yazıçı İsmayıl Şıxlının oğlu Elçin Şıxlı, yazıçı Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov, şair, publisist Teymur Elçinin nəvəsi Turan Məmmədəliyeva, yazıçı Maqsud İbrahimbəyovun xanımı, şair, nasir Tofiq Mahmudun qızı Yadigar Mehdiyeva, şair Xanımana Əlibəylinin qızı Gülər Abdullabəyova çıxış edib varisi olduqları qüdrətli sənətkarların həyat və yaradıcılıqlarının dərin təhlilini verdilər. Belə bir görüşü təşkil etdiklərinə görə Mədəniyyət Nazirlyinə təşəkkürlərini bildirdilər.
Tədbirin sonunda xatirə şəkillər çəkildi.