Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin yeni nəşr olunan kitablarının imza mərasimi keçirildi

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin yeni nəşr olunan kitablarının imza mərasimi keçirildi

8 oktyabr 2022 0000

Oktyabrın 7-si Bakı Ekspo mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisinin  Natəvan təqdimat zonasında əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin yeni nəşr olunan kitablarının imza mərasimi keçirildi. Tədbirdə millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, professor İmamverdi Həmidov, professor Şirindil Alışanlı və qonaqlar iştirak edirdi. Təqdimat zamanı alimin son illər işıq üzü görən “İraq türkmən ləhcəsi”, “Azərbaycan və İraqda bayatlar”, “Qəbələ keçmişdə və bu günümüzdə”, “Seçilmiş əsərləri” (IX cild) kitabları geniş ictimaiyyətə təqdim olundu.

Tədbirdə çıxış üçün ilk söz müəllifə verildi. Qəzənfər Paşayev çıxışı zamanı ərsəyə gələn kitabların yaranma şəraitindən, bu kitabların yazılma prosesində keçdiyi uzun və keşməkeşli həyat yolundan bəhs etdi. Azərbaycan folklorunun mühüm xüsusiyyətlərinə toxunan alim şifahi xalq ədəbiyyatının zəngin cəhətlərindən, koloritli xüsusiyyətlərindən bəhs etdi. O, Azərbaycan aşıq sənətinin inkişafında təkrarolunmaz əməyə sahib olan Aşıq Şəmşir, Aşıq Şakir, Aşıq Mikayıl Azaflı və başqalarının adlarını çəkərək bu aşıqların zəngin ədəbi irsi barədə məlumat verdi. Daha sonra müxtəlif aşıq şeirlərindən nümunələr gətirərək aşıq şeirlərinin xalq ruhuna, onun duyumuna, tarixinə, kökünə bağlılığını əsaslandırdı.

Daha sonra Nəsimi yaradıcılığı haqqında geniş bəhs edən Qəzənfər Paşayev Nəsiminin Azərbaycan ədəbiyyatında, Azərbaycan dili tarixində gördüyü əvəzsiz xidmətini önə çəkdi. Onun Azərbaycan dilini yaşadığı dövrdə ərəb-fars dili səviyyəsinə yüksəltməsindən, Nəsimi yaradıcılığının dərinliyindən, fəlsəfəsindən bəhs etdi.

“Azərbaycan və İraqda bayatlar” kitabında Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan birinin Bayat tayfası olduğunu vurğulayan Qəzənfər Paşayev əlavə etdi ki, Şah İsmayıl Səfəvi yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəni siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir.

Daha sonra alim “Seçilmiş əsərləri”i kitabı üzərində dayandı. Bildirdi ki, bu kitabda “Deyilən söz yadigardır” başlığı altında  radio, televiziya və müxtəlif tədbirlərdə etdiyi çıxışları, “Tarixə çevrilən yaddaş” bölməsində məktubları, “Həqiqətin özü” başlığı altında müsahibələri və s. yer almışdır.

Qəzənfər Paşayev “Qəbələ keşmişdə və günümüzdə” kitabının da məziyyətləri, mövzu və ideyası ilə bağlı məlumat verdi. Qeyd etdi ki, bu kitabında Qəbələnin yeni eradan əvvəlki dövründən zəmanəmizədək uzun bir zaman kəsiyinə ekskurs etməyə çalışıb, tarixin hər bir minilliklərini əhatə edən ən qədim Paleolit, Mezolit, Neolit, Tunc, Dəmir dövrlərinin səciyyəvi xüsusiyyətlərini araşdırıb, həmçinin Qəbələnin etnoqrafiyasını ümumazərbaycan etnoqrafiyası kontekstində tədqiq edib.

Tədbirdə çıxış edən professor Şirindil Alışanlı Qəzənfər Paşayevlə dostluq münasibətlərindən, onun şəxsi keyfiyyətlərindən, bir alim, dost kimi insani xarakterindən bəhs etdi. O, bildirdi ki, yaşının çox olmasına baxmayaraq, Qəzənfər Paşayev tez-tez kitablar nəşr etdirir və ictimaiyyətə təqdim edir. Onun yazdığı kitablarda xalqın etnoqrafiyasının, milli adət ənənəsinin, təfəkkürünün dolğun, kolorotli çalarları əksini tapıb.

Daha sonra söz alan professor İmamverdi Həmidov  Qəzənfər Paşayevin elmi fəaliyyətinin əhatəliliyindən, genişliyindən bəhs etdi. Qeyd etdi ki, o, öz fikrini, düşüncələrini bu kitablar vasitəsilə oxucularına çatdırır. Məzmun və ideyaca bir-birindən fərqlənən bu kitablar öz təkrarolunmaz xüsusiyyətləri ilə seçilirlər.

Onun “İraq-türkmən ləhcəsi” kitabında və digər əsərlərində bədillik və elmin çulğalaşdığını qeyd edən İmamverdi Həmidov daha sonra bildirdi ki, Qəzənfər Paşayevin bu kitabları İraq, Türkiyə, Tükmənistan və s. ölkələrdə böyük maraq doğurur”.  Çıxış edən alim daha sonra kitabda Bəsirə ətrafı, Kərkük eli, insanlar, onların tarixi, mədəniyyəti, məişəti kimi anlayışların araşdırılaraq geniş aspektdə yazılmasını yüksək dəyərləndirdi.

Sonda çıxış edən millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qəzənfər Paşayevi daha çox ailənin ağsaqqalı kimi xarakterizə etdi, uşaqlıq xatirələrini bölüşdü və belə bir alimin ocağında yetişməsi ilə qürur duyduğunu bildirdi.

Tədbirin sonunda iştirakçılara müəllifin imzalı kitabları hədiyyə edildi.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN