7 oktyabrda Bakı Ekspo mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisinin Bülbül təqdimat zonasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun təşkilatçılığı ilə akademik Teymur Kərimlinin hazırladığı “Şuşanamə” kitabının təqdimat mərasimi baş tutdu. Tədbiri giriş sözü ilə açan akademik Teymur Kərimli bildirdi ki, akademik İsa Həbibbəylinin redaktoru olduğu və filologiya elmlər doktoru Gülbəniz Babaxanlının tərtib etdiyi kitabda toplanmış şeirlər Şuşaya, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş Qarabağ Zəfərinə və Şuşa saflığından ayrı tutula bilməyən bir sıra bəşəri problemlərə həsr olunub.
“Şuşanamə” kitabının Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Şuşa İli”nə ithaf olunduğunu bildirən Teymur Kərimli qeyd etdi ki, “Şuşanamə”ni yazmaq qərarına gəldiyim ilk vaxtlardan 2022-ci ilin “Şuşa İli” elan olunacağını hiss etmişdim. “2021-ci ilin həsr edildiyi Nizami Gəncəvi Azərbaycan üçün necə böyük fəxarət mənbəyidirsə, Şuşa da xalqımızın qürur yeridir. 44 günlük müharibə göstərdi ki, Paşamız gəldi. Ali Baş Komandan İlham Əliyev Şuşamızı əsl sahibinə, Azərbaycan xalqına qaytardı. Vaqif Poeziya Günlərində isə nəhayət ki, Şuşanı görmək arzuma qovuşdum. Şuşa yalnız daşdan-torpaqdan ibarət deyil, o, canlıdır. XX əsrin əvvəllərində Şuşanı “Qafqazın Parisi” adlandırırdılar. Şuşa ilə bağlı ən böyük xatirəm qarlarla örtülmüş Cıdır düzündə Ali Baş Komandanımızın vüqarla addımlaması olub. Bu möhtəşəm mənzərə qarşısında heyran olmamaq mümkünsüz idi. Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatan 44 günlük müharibə ərzində “Şuşanamə”yə daxil olan 80-dən artıq şeir ərsəyə gəldi. “Şuşanamə”də yalnız Şuşa deyil, ümumilikdə Vətən, qəhrəmanlıq, Ali Baş Komandanımız, xalqımızın sarsılmayan iradəsi və əzmi, ordumuzun şücaəti mövzularında şeirlər də yer alıb. Çalışdım ki, bu mövzuları Şuşa motivi ətrafında birləşdirim və “Şuşanamə”ni hazırlayım”.
Müəllif daha sonra kitabın poetik məziyyətləri barədə geniş məlumat verdi və qeyd etdi ki, “Şuşanamə”nin “Əziz Şuşa, biz qayıtdıq” adlı birinci hissəsi “Dəmir yumruq” şeiri ilə başlayır. Bu bölmədə II Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərimizə həsr olunmuş ictimai məzmunlu, qiymətli poetik nümunələr yer alıb.
Tədbirdə Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov çıxış edərək VIII Beynəlxalq Kitab Sərgisinin əhəmiyyətini vurğuladı və 44 günlük müharibə dövründə ərsəyə gəlmiş bu poetik nümunələri yüksək dəyərləndirdi. O, tədbirdə iştirak edən hər kəsə təşəkkür etdi.
Daha sonra söz Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyala verildi. Sona Xəyal bildirdi ki, Teymur Kərimli daha çox elmi fəaliyyəti ilə tanınsa da, o, həm də yüksək yaradıcılıq qabiliyyətinə malik bir şairdir.
Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru Gülbəniz Babaxanlı “Şuşanamə”ni möhtəşəm kitab adlandırdı və bu cür şeir kiablarının ardıcıl olmasını dilədi. O, bildirdi ki, Teymur Kərimlinin “Şuşanamə”sində tərənnüm şeirlərindən başqa, Qarabağ savaşı ətrafında baş vermiş hadisələrə həsr edilmiş satirik şeirlərdə ölkəmizin ədalətli mübarizəsinin ayrı-ayrı məqamlarına münasibət ifadə olunmuşdur.
Gülbəniz Babaxanlı həmçinin qeyd etdi ki, akademik Teymur Kərimli elmi əsərlərində ifadə edilməsi mümkün olmayan fikirləri və mətləbləri “Şuşanamə”dəki şeirlərdə bacarıqla mənalandırıb. Bu baxımdan “Şuşanamə” görkəmli tədqiqatçı alimin “Şuşa İli”nə layiqli poetik töhfəsi hesab oluna bilər.
Tədbirin sonunda akademik Teymur Kərimli bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2022-ci ilin “Şuşa İli” elan olunması” və “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi” haqqında sərəncamları çərçivəsində Şuşada şairənin yaradıcılığına həsr olunan silsilə tədbirlər keçirilib, sərgilər təşkil olunub. Həmin sərgi çərçivəsində akademik Teymur Kərimlinin “Şuşanamə” kitabının da təqdimatı olub. Orada iştirak edən Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov, millər vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli kitab haqqında ürək sözlərini bildirib, onu yüksək qiymətləndiriblər.