Oktyabrın 7-si Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisində “3 alma uşaq ədəbiyyatı”nın Şuşa ilinə töhfəsi olan kitabların - Zahid Xəlilin “Dəmir Yumruq” dastanının, Sevinc Nuruqızının “Zəfər nəğməsi - Şuşa” və Mürşüd İsmayılzadənin “Zəfəri yaşayanlar yaşadanlar” kitablarının təqdimatı keçirildi.
Tədbirdə qonaqlarla bərabər şəhid ailələrinin üzvləri də iştirak edirdi. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan yazıçısı, şairi, pedaqoq, filologiya elmləri doktoru, professor Zahid Xəlil çıxışında qonaqları və şəhid ailə üzvlərini salamlayaraq Zəfərə həsr elədiyi “Dəmir Yumruq” dastanının ərsəyə gəlməsi məqamlarından söz açdı, orda şəhidlik mövzusunda yer alan şeirlərindən səsləndirdi.
Daha sonra söz Azərbaycan uşaq yazıçısı, şair, tərcüməçi, publisist Sevinc Nuruqızına verildi. O, qeyd etdi ki, mən “Zəfər nəşməsi Şuşa” kitabını qəlbimdə böyük ağrı və acı ilə ərsəyə gətirdim. Sonradan öyrəndim ki, kitabın illüstrasiyalarını çəkən Aida Amirova şəhid övladıdır. Qarabağlı biri olaraq mən yurd itirmək, sevdiyin insanları itirmək ağrılarını yaşamışam. Mən o müharibəni içimdən, gözümdən, qəlbimdən keçirmiş biriyəm. Yaşlı atamın yanmış evinin külünü ovucladığını görmüşəm. Bir sözlə, bu kitab 30 ilin ağrılarının sonucunda qəhrəman oğullarımızın qanı bahasına qazanılan bir zəfəri simvollaşdıran bir dastandır.
Yazıçı Mürşüd İsmayılzadə çıxışında bildirdi ki, hər bir azərbaycanlının borcudur ki, yaşanılan tarixi proseslərlə bağlı öz mövqeyini meydana qoysun. İstər yazıçılar, istər rəssamlar, istərsə də digər peşələrin nümayəndələri. Zəngin irsimizi daima yaşatmalı və gələcək nəslə zəngin və dolğun bir irs kimi ötürməliyik. Böyüklərdən fərqli olaraq uşaqlara müharibəni başa salmaq çox çətindir. Bu kitablar vasitəsilə onlar öz qəhrəmanlarını tanımalı və onları unutmamalıdırlar ”.
Tədbirdə Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş Çingiz Mustafayev, Salatın Əsgərova, Mübariz İbrahimov, Polad Həşimov, İlqar Mirzəyev, Cəbrayıl Dövlətzadə, Məmmədov Əlağa, Yusifzadə Xudayar, Baxışova Arəstə, Qəmbərov Hilal, Bayramov Elbrus, Cəfərov Vüqar, Əliyev Denis, İsmayılov Camal, Həsənov Tərlan kimi qəhrəmanların igidliklərindən bəhs edildi, kitabda onlarla bağlı səhnələrin yer alması fikri vurğulandı.
Sonda tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə kitablar hədiyyə edildi və xatirə şəkli çəkildi.