9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı baş tutdu

9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı baş tutdu

11 noyabr 2023 0000

Bu gün Bakı Ekspo Mərkəzində Regionun 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin (Baku International Book Fair 2023) rəsmi açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası Milli Məclisinin deputatı akademik Nizami Cəfərov, Rusiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Mixail Yevdokimov, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hikmət Məmmədov və “Caspian Event Organisers” şirkətinin Baş direktoru Fərid Məmmədov iştirak edib.
Çıxışlar bitdikdən sonra açılış mərasiminin iştirakçıları və qonaqlar VIP turda iştirak ediblər.   
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və "Caspian Event Organisers" şirkətinin təşkilati dəstəyi ilə 11-15 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçirilir.
Sərgi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Sərginin fəxri qonaq ölkəsi Rusiya Federasiyasıdır.
Sərgidə 11 ölkədən 31 xarici təşkilat, 131 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcəkdir.
Təşkilat Komitəsi tərəfindən Xalq yazıçısı Afaq Məsud və tanınmış şair Şəhriyar Del Gerani 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları seçilib.
2019-cu il üzrə Buker mükafatının (Man Booker Prize for Fiction) laureatı Coxa əl-Harsi (Jokha Alharthi) 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaqdır.
Sərgi çərçivəsində fəxri yazarların və fəxri qonaq Coxa əl-Harsinin iştirakı ilə sərgi salonunda müxtəlif formatda tədbirlər (kitab təqdimatı, imza saatları, oxucularla görüş, xarici yazarlarla birgə panellərdə iştirak) təşkil olunacaqdır.
Sərgidə Azərbaycanın xalq yazıçıları, şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar iştirak edirlər.
Eyni zamanda sərgidə Türk yazarları - İsgəndər Pala, Tayfun Atmaca, Yunus Şen, Nimet Yıldırım,  rus yazarları – Dmitri Bak, Dmitri Danilov, Aleksey Salnikov, Anastasiya Strokina, Vera Boqdanova,  gürcü yazıçı, 2021-ci il üzrə Buker mükafatının uzun siyahısına daxil olan Nana Ekvtimişvili və ingilis yazıçı Anne Tomson da qatılacaqlar.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcəkdir. 5 gün ərzində müxtəlif formatda 220-dən çox tədbirin təşkili nəzərdə tutulur.
Bakı Beynəlxalq Kitab Sərgisində təqdimat zonasının sponsoru qismində “Azercell” şirkəti çıxış edir.
Sərgi  müddətində Azərbaycan nəşriyyatları tərəfindən kitablara 30-50% endirimlər edilir.
Ziyarətçilərin “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin edilir.
Sərginin hər gün üzrə proqramı www.bakubookfair.com saytında yerləşdirilmişdir.
Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir. Sərgiyə giriş ödənişsizdir.

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN