Xəbərlər

Baku Book Fair - “Bütün yollar Şuşaya aparır”, “Qarabağ dastanı – 30 ilin həsrəti, 44 günün zəfəri” və “Vətən” kitablarının təqdimatı

“Bütün yollar Şuşaya aparır”, “Qarabağ dastanı – 30 ilin həsrəti, 44 günün zəfəri” və “Vətən” kitablarının təqdimatı

09.10.2022

Xəbərlər

8 oktyabrda VIII Bakı Beynəlxalq Kitab Sərgisinin Üzeyir Hacıbəyli təqdimat zonasında “Bütün yollar Şuşaya aparır”, “Qarabağ dastanı – 30 ilin həsrəti, 44 günün zəfəri” və “Vətən” kitablarının təqdimatı keçirildi. Təqdimatda şair, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, şair, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri  Ramiz Qusarçaylı və digər qonaqlar iştirak edirdilər.

Rəşad Məcid əvvəlcə qonaqları salamladı. 44 günlük müharibə, qəhrəman oğullarımızın şücaəti ilə geri alınan torpaqlarımız, haqqın qalibiyyəti, ədalətin öz yerini tapması ilə bağlı fikirlər səsləndirdikdən sonra bildirdi ki, “Qarabağ dastanı – 30 ilin həsrəti 44 günün zəfəri” kitabı Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın ideyası əsasında yaranmışdır. 44 günlük müharibədən sonra işğaldan azad olunmuş torpaqlardan olan yazıçılar öz yurd-yuvaları haqqında əsərlər yazıblar. Bu baxımdan Aqil Abbasın Ağdam haqqında yazısı ən təsirli yazılardan biri kimi səciyyələnir. Bir ildən artıq bir müddətdir ki, bu kitabın müxtəlif mərkəzlərdə təqdimatları keçirilir.

Daha sonra çıxış etmək üçün söz Elçin Hüseynbəyliyə verildi. O qeyd etdi ki, “hələ Şuşada olarkən qələm dostlarımız Şuşa haqqında yazılar yazacaqlarını deyirdilər. Şuşa haqqında 10-a yaxın yazının yazılacağı fikri məni bu istiqamətdə iş görməyə daha da ruhlandırdı. Orda Fərid Hüseynlə söhbətdə qərara aldıq ki, bu yazıları kitab halında toplayaq. Birliyin sədri Anar müəllim də fikrimizi dəstəklədi və bu cür nəfis kitab ərsəyə gəldi”.

Təqdim olunan “Vətən” kitabının müəllifi şair Ramiz Qusarçaylı əsərinin məziyyətləri, yazılma prosesi, İkinci Qarabağ savaşımız, qazanılan Zəfərimizlə bağlı geniş çıxış etdikdən sonra bildirdi ki, “Vətən” poeması “Bayraq” şeiri ilə başlayır. Artıq 20-25 ildir ki,  bütün tədris müəssisələrində, hərbi hissələrdə və digər kollektivlərdə xalqı azadlığa, inamlı sabaha, işıqlı gələcəyə səsləyir. Şair “Bayraq” şeirindən bir hissəni, eləcə də qonaqlar  arasında gənclərin olduğunu nəzərə alaraq sevgi şeirlərindən də bir qismini səsləndirdi.

Sonda hər üç yazıçı gələn qonaqlara öz təşəkkürlərini bildirdilər.


Sərgİ başlayacaq:

Gün

Saat

Dəqiqə

Saniyə