Xəbərlər

Baku Book Fair - Успех книжной выставки это отражение любви к Книге в Азербайджане

Успех книжной выставки это отражение любви к Книге в Азербайджане

10.10.2021

Xəbərlər

10 oktyabr tarixində Bakı Ekspo Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş 7-ci Bakı Beynəlxalq Kitab (“Baku International Book Fair 2021”) sərgisi öz işini yekunlaşdırıb. Qeyd etmək lazımdır ki, sərginin təsiri bütün gözləntiləri üstələdi. Qonaqlar və yaşlılar tərəfindən kitab bayramı adlandırılan bu tədbirin təşkilatçılarına və iştirakçılarına çoxsaylı minnətdarlıqlar daxil olub.

Sərgidə 13 ölkədən 165 müəssisə iştirak etdi.  Azərbaycan, Bolqarıstan, Gürcüstan, Fransa, İndoneziya, İran, Kolumbiya, Qazaxıstan, Qırğızıstan, Misir, Özbəkistan, Rusiya və Türkiyəyə məxsus nəşriyyat evləri, mətbəələr, kitab mağazaları, mədəniyyət mərkəzləri və poliqrafiya şirkətləri sərgidə iştirak etdilər.

Sərgiyə bir neçə min insan qatıldı. İştirakçıların tərkibi, eləcə də burada təmsil olunan təşkilatlar və şirkətlər, dəvət edilmiş qonaqlar baxımından sərgi regionun ən böyük sərgisidir. Keçirildiyi günlərdə böyüklər və uşaqlar üçün təxminən iki yüz fərqli tədbir təşkil edildi.

Aralarında xeyli gənclər, tələbələr və məktəblilər olan minlərlə ziyarətçi dünya klassiklərinin şah əsərlərini, dərslikləri və elmi araşdırmaları, şeir və uşaq ədəbiyyatını əks etdirən parlaq, zəngin tərtibatlı stendləri böyük maraqla nəzərdən keçirib. Ziyarətçilərin bu günlərdə həvəslə  satın aldıqları məşhur ədəbiyyat və tanınmış nəşrlərin satışı sayəsində tədbirin reytinqi əhəmiyyətli dərəcədə artıb.

Azərbaycan Respublikasının Baş nazir müavini Əli Əhmədov qeyd etdi ki, sərgi Azərbaycan dövlətinin və cəmiyyətinin sivilizasiya mənbəyi kimi kitaba olan sevgisinin və bağlılığının əsil göstəricisidir.

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov kitabı insanların inkişafı və tərbiyəsi üçün ən vacib vasitə adlandırdı. Respublikanın təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, bu sərgi müəllimlərin, məktəblilərin və tələbələrin diqqətini uğurla cəlb edib.

Təşkilatçılar qarşılarına eyni anda bir neçə vacib məqsəd qoyublar: kitabların və oxumanın təşviqi və populyarlaşdırılması, yerli və xarici nəşriyyatların çap məhsulları ilə tanışlıq, nəşriyyat işinə dəstək, potensial əməkdaşlıq üçün nəşriyyatları kitab mağazaları ilə tanış etmək, rəqəmsal dövrdə kitab biznesinin inkişafı üzrə təcrübə və fikir mübadiləsi.

Məşhur yerli və xarici yazıçılar: Çingiz Abdullayev, Elxan Elatlı, Elçin Əliyev, Nail Əlizadə, Gülseren Buğdayıcıoğlu, Ercan Kesal, Toğrul Mehti Niyazi və başqaları sərginin müxtəlif günlərində tədbirin xüsusi qonaqları oldular.

Qarabağ mövzusu, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusunun düşmən üzərində parlaq zəfəri forumun yaradıcılıq emalatxanasında ciddi yer tuturdu. Burada müəlliflər qələbəyə həsr olunmuş kitab, qeyd, esse və şeirlərini təqdim etdilər. Şairə Nigar Həsənzadənin “İgidlərin Sözü” layihəsi xüsusi diqqətə layiqdir. Layihə çərçivəsində qazilər 44 günlük Qarabağ müharibəsi vaxtı yazılmış şeirləri oxuyublar.

Sərgi-yarmarkanın keçirildiyi günlərdə xüsusi olaraq uşaqlar üçün “Tık-Tık xanım” və “Cırtdan” tamaşaları; müxtəlif ustad dərsləri, xüsusən də “Xalça eskizlərinin hazırlanması”, ebru (su üzərində rəsm sənəti) və s. keçirilib. Solmaz Amanova özlərini nağıl qəhrəmanları qismində hiss edən milli Azərbaycan nağıllarının personajlarını təqdim edib.

“Keçmişi və gələcəyi, yazıçı ilə oxucunu, elm və təhsili bir araya gətirdiyi üçün kitab sərgilərini sevirik”. Sərginin bir çox VIP qonaqlarının bu fikri beynəlxalq miqyaslı unikal kitab bayramının ən yaxşı təsvirlərindən birinə çevrilib.

Sərginin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir, qızıl sponsoru – “bp” şirkəti, təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti həyata keçirir.